CƏMİYYƏT


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bolqarıstan filialı açılıb

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və həmin ölkədəki Mediatorların Professional Assosiasiyasının sədri, tanınmış hüquqşünas Eliza Nikolova ilə görüş keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Dövlət müşaviri bildirib ki, yarandığı vaxtdan bəri BBMM çoxsaylı beynəlxalq və regional layihələr həyata keçirir. Akademik hazırda Bolqarıstanın Sofiya Universiteti də daxil olmaqla, 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənninin tədris edildiyini bildirərək deyib: “Sevgi və şəfqət hisslərinin üzərində bərqərar olan Azərbaycan multikulturalizmini tədris, təbliğ və təşviq edərək biz həm də humanizm prinsiplərinin, ümumbəşəri dəyərlərin yayılmasına çalışırıq. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər. Azərbaycanın multikultural dəyərlərini öz gözləri ilə görən xarici tələbələr keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə Azərbaycanın Gənc Dostları Klubunu yaradıblar. Bu gün Azərbaycanın həqiqətlərini ölkəmizin dostu olan həmin gənclər müdafiə edirlər.

Hazırda Almaniyada, İsraildə, Moldovada, İtaliyada, Portuqaliyada və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir. Biz çox şadıq ki, bu gün Multikulturalizm Mərkəzinin sayca səkkizinci – Bolqarıstan filialının açılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanır. Bu işdə Azərbaycanın multikultural dəyərlərinə və bu istiqamətdə həyata keçirdiyi layihələrə dərindən bələd olan Mərkəzin Bolqarıstan filialının rəhbəri Eliza Nikolovaya uğurlar arzulayıram”.

Dövlət müşaviri çıxışında Azərbaycan və Bolqarıstan münasibətlərinin fəallaşmasında səfir Maya Xristovanın fəaliyyətinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Səfir Maya Xristova bu yaxınlarda Bolqarıstanın qədim Veliko-Tırnova şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edərək deyib: “Bu, bizim üçün böyük jestdir, mühüm əhəmiyyət kəsb edən məsələdir. Keçirdiyimiz hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidqi-ürəkdən görülmüş işə görə mən Azərbaycan xalqına və şəxsən Mehriban Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”.

Sonra Mərkəzin icraçı direktoru Azad Məmmədov ilə Eliza Nikolova arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını, BBMM-in mənafelərini təmsil və müdafiə edən Bolqarıstan filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Eliza Nikolova BBMM-in Bolqarıstan filialına rəhbərlik etməyin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edib. O bildirib ki, rəhbərlik etdiyi filial Azərbaycanın və Bolqarıstanın milli tarixinin, mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputların təşkilini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.