SİYASƏT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başlayıb
Bakı, 3 may, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildə filialı açılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar BBMM-in icraçı direktoru Azad Məmmədovla “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını, BBMM-in mənafelərini təmsil və müdafiə edən İsrail filialının fəaliyyətini təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
BBMM-in İsrail filialı Arye Qutun rəhbərliyi ilə Azərbaycanın və İsrailin tarixinin, mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, “dəyirmi masa”lar, disputlar təşkil edəcək.
Hazırda BBMM-in Almaniya, Portuqaliya, İtaliya, Rusiya və Qazaxıstanda filialları fəaliyyət göstərir.