CƏMİYYƏT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi növbəti treninqlər yekunlaşıb
Bakı, 20 iyul, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan multikulturalizmi fənnini elmi əsaslarla tədris edəcək mütəxəssislər üçün növbəti intensiv treninqlər təşkil edib.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, iyulun 1-dən 22-dək keçirilən treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Naxçıvan Dövlət Universiteti, Polis Akademiyası, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Sərhəd Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Biznes Universitetinin müxtəlif elmi dərəcəli alimləri və müəllimləri iştirak ediblər.
Treninqlərdə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov, şöbənin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, tarixçi alim, professor Həcər Verdiyeva, BBMM-in analitika şöbəsinin müdiri Rəşad İlyasov və Azərbaycan Texniki Universitetin ictimai fənlər kafedrasının dosenti Əyyub Kərimov “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti”, “Azərbaycanda dinlərin tarixi”, “Etnik müxtəliflik və Azərbaycan Respublikasının multikulturalizm siyasəti ilə bağlı qeydlər”, “Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq” mövzularında təqdimatlarla çıxış ediblər.
Treninqlər zamanı geniş diskussiyalar aparılıb, gələcəkdə bu fənni tədris edəcək mütəxəssislərin sualları ətraflı cavablandırılıb, onlara əyani vəsait kimi BBMM-in nəşrləri, həmçinin ali məktəblər üçün bu günlərdə işıq üzü görmüş “Azərbaycan multikulturalizmi” dərsliyi təqdim olunub.
Xatırladaq ki, iyulun 22-də imtahan keçiriləcək və uğurlu nəticə göstərən treninq iştirakçılarına BBMM-in sertifikatları veriləcək.