ELM VƏ TƏHSİL
Bakı Biznes Universitetində “Məzun günü” keçirilib
Bakı, 29 iyun, M.Dadaşov, G.Məlikova, AZƏRTAC
İyunun 29-da Bakı Biznes Universitetində (BBU) “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Məzun–2016” buraxılış günü çərçivəsində universitetdə iş axtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə “Karyerada ilk addım” mövzusunda əmək yarmarkası təşkil edilib. Tədbirdə iştirak edən tələbə və məzunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim olunan iş yerləri ilə maraqlanıblar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Bakı Biznes Universitetinin rəhbərliyi əmək yarmarkası ilə tanış olub, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəy və təkliflərini öyrəniblər. Diqqətə çatdırılıb ki, Bakı şəhəri üzrə 48 müəssisədən 240 vakant iş yerinin təqdim edildiyi tədbirdə ayrı-ayrı məzunlar istəklərinə uyğun olaraq əlavə təhsil kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıblar. Həmçinin işəgötürənlərə tələbə və məzunların şəxsi məlumatları təqdim edilib. Yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Xidmətin Bakı şəhərindəki əmək birjası tərəfindən qeydiyyata götürülüblər.
S.Müslümov Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində gənclərin məşğulluğunun artırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O deyib: “Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində gənclərin məşğulluğunun təminatı xüsusi yer tutur. Təkcə bu ilin beş ayında Xidmətin xətti ilə işlə təmin edilənlərin 36 faizini, haqqı ödənilən ictimai işlərə cəlb olunanların 32 faizini gənclər təşkil ediblər. Bu dövrdə Xidmət tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 1500 nəfərin 60 faizi gənclərdən ibarət olub. Xidmətin əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən vətəndaşların da mühüm bir hissəsi gənclərdir. Həmçinin son beş ayda 56,4 mindən çox gəncə peşəyönümlü məsləhətlər verilib”.
Nazir diqqətə çatdırıb ki, gənclərin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə əmək bazarına inteqrasiyasının dəstəklənməsi üçün BMT İnkişaf Proqramı ilə birgə növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi də icra olunur. Layihə çərçivəsində təşkil olunan təlimlərdə gənclərə müasir iş axtarışı bacarıqları öyrədilir. Bununla yanaşı, son illərdə müasir dünya təcrübəsi əsasında iki ali təhsil müəssisəsində tələbələrin öz ixtisasları üzrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnmələri üçün virtual müəssisələr yaradılıb. Həmçinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə ali təhsilli, ilk dəfə iş axtaran gənclərin məşğulluğunun subsidiya əsasında dəstəklənməsini nəzərdə tutan pilot layihə uğurla icra olunub.
Ali təhsil müəssisələrində “Karyerada ilk addım” mövzusunda təşkil olunan əmək yarmarkalarından bəhs edən S.Müslümov bildirib ki, bu tədbirlərin keçirilməsinin məqsədi tələbə və məzunların işəgötürənlərlə əlaqələrinin gücləndirilməsinə, gələcək karyeralarının qurulmasına, eləcə də işəgötürənlərin gələcəkdə ixtisaslı kadr seçimini aparmalarına dəstək göstərməkdir. Yarmarka iştirakçılarına vakant iş yerləri də təklif edilir, onlara əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtlarında müvəqqəti xarakterli işlərdə çalışmaqla əlavə qazanc əldə etmək imkanları yaradılır. Nazir deyib: “Həm tələbə və məzunlar, həm də işəgötürənlər üçün əhəmiyyətli olan bu tədbirlər cari ildə də davam etdirilir. Bakı Biznes Universiteti “Karyerada ilk addım” mövzusunda fəal məşğulluq tədbirinin keçirildiyi səkkizinci ali təhsil müəssisəsidir”.
Daha sonra “Məzun–2016” buraxılış tədbirində universitetin rektoru, professor İbad Abbasov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Rektor bu il BBU-dan məzun olan 210 gəncin universitetdə aldıqları biliklərin sayəsində uğur qazanacağına, ölkəmizin inkişafına töhfələr verəcəyinə əminliyini bildirib.
Sonra 2016-2017-ci tədris ili müddətində Avropa Şurasının “Erasmus+” proqramı ilə Avropanın nüfuzlu universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup doktorant, magistr və bakalavrlara dəvət məktubları təqdim olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.