ELM VƏ TƏHSİL


Bakı Biznes Universitetində “Məzun günü” qeyd olunub

Bakı, 30 iyun, M.Dadaşov, AZƏRTAC

İyunun 30-da Bakı Biznes Universitetində (BBU) “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Məzun–2017” buraxılış günü çərçivəsində universitetdə iş axtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə “Karyerada ilk addım” mövzusunda əmək yarmarkası təşkil olunub. Tələbə və məzunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim olunan iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.

Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və Bakı Biznes Universitetinin rəhbərliyi əmək yarmarkası ilə tanış olub, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəylərini, təkliflərini öyrəniblər. Diqqətə çatdırılıb ki, yarmarkada Bakı şəhərinin rayonlarının məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 70-dək müəssisə iştirak edir. Onlardan 39-u qeyri-dövlət, digərləri isə dövlət müəssisələridir. Tədbirə qatılan müəssisələr tərəfindən ümumilikdə 202-dən artıq boş iş yeri təqdim olunub.Həmin iş yerlərinin 111-i qeyri-dövlət müəssisələrinin, qalanları dövlət müəssisələrinin payına düşür.

Ali təhsil müəssisələrində “Karyerada ilk addım” mövzusunda təşkil olunan əmək yarmarkalarından bəhs edən A.Bədəlbəyli bildirib ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi tələbə və məzunların işəgötürənlərlə əlaqələrinin gücləndirilməsinə, gələcək karyeralarının qurulmasına, eləcə də işəgötürənlərin gələcəkdə ixtisaslı kadr seçimini aparmalarına dəstək göstərməkdir. O deyib: “Belə tədbirlərdə ali məktəblərdə təhsil alan gənclərimizə əmək bazarındakı mövcud vəziyyət barədə məlumat verilir. Onlar, həmçinin işə götürənlərlə görüşərək özlərinə iş yerləri tapırlar. Bu bizim üçün çox önəmlidir”.

Daha sonra “Məzun–2017” buraxılış tədbirində universitetin rektoru, professor İbad Abbasov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Rektor bu il BBU-dan məzun olan gənclərin universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əminliyini bildirib.

Sonra Avropa Şurasının “Erasmus+” proqramı ilə Avropanın nüfuzlu universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup doktorant, magistr və bakalavra dəvət məktubları təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.