CƏMİYYƏT
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri tələbə gənclərlə görüşüb
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ilə görüş keçirilib.
İttifaqdan AZƏRTAC-a bildiriblər ki, görüşdə ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, publisist-politoloq Reyhan Mirzəzadə və yazıçı-publisist Zöhrə Əsgərova da iştirak ediblər.
Multikulturalizm mövzusuna həsr olunan tədbirdə çıxış edən Şahin İsmayılov Azərbaycan ilə İsrail arasında yaxın dostluq əlaqələrindən danışıb, multikultural dəyərlərin qorunub saxlanılmasının vacibliyini qeyd edib.
“İsrail bizim tarixi vətənimizdir. Azərbaycan isə bizim doğma vətənimizdir”, - deyən Milix Yevdayev çıxışında Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri üçün eyni imkanların yaradılmasının tolerantlıq və multikulturalizmin bariz nümunəsi olduğunu söyləyib.
Daha sonra Milix Yevdayev gənclərin suallarını cavablandırıb.
Xarici ölkələrdə Azərbaycanın milli maraqlarını daim dəstəkləyən Milix Yevdayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində respublikamızın haqlı mövqeyini qətiyyətlə müdafiə edir.