İQTİSADİYYAT
Bakı Dairəvi-1 avtomobil yolunda yaranmış çatlar artıq bərpa olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, “Azəravtoyol” ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib.
Bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunaraq, torpağa su sızmasının qarşısı alınıb.