CƏMİYYƏT
Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, sayca üçüncü olan bu mərkəzlərdən birincisi İçərişəhərdə, ikincisi isə Heydər Əliyev Beynəlxalq Aeroportunun “Duty Free” zonasında yaradılıb.
Növbəti mərhələdə dəmir yolu nəqliyyatı ilə ölkəmizə səfər edən turistlərin sayının sürətlə artması nəzərə alınaraq, üçüncü mərkəzin məhz Bakı Dəmir Yolu Vağzalının ərazisində yaradılması qərara alınıb.
Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırma sistemi quraşdırılıb.
Mərkəzdə Azərbaycanın müxtəlif regionlarından nəfis əl işləri, turistlərin böyük maraq göstərdikləri bal və mürəbbə kimi ərzaq məhsulları təqdim olunur. Burada təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, təşəbbüskarı Prezident İlham Əliyev olan “ABAD” layihəsi gündən-günə genişlənir. Artıq üçüncü sərgi-satış mərkəzinin açılışı oldu. Ümumiyyətlə, alıcı auditoriyamızın əksər hissəsini xarici turistlər təşkil edir. Bunu statistika da sübut edib. Məhsullarımızın 90 faizinin alıcıları xarici turistlərdir. Üçüncü mağazanın Bakı Dəmir Yolu Vağzalında açılması dəmir yolu ilə səyahət etməyə üstünlük verən turistlərin sayının artması ilə əlaqədardır. Hazırda bizim sərgi-satış mərkəzlərində 135 ailənin istehsal etdiyi əşyalar təqdim olunur. Planlaşdırırıq ki, bu şəbəkəni daha da genişləndirək. Əsas hədəfimiz isə beşulduzlu otellərdir. Xarici turistlərin buna çox böyük marağı var. Misgərlik məmulatları, şüşənin üzərində işlənən məhsullar daha çox turistlərin marağına səbəb olur.
Hazırda “İçərişəhər”, Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı Dəmir Yolu Vağzalında fəaliyyət göstərən “ABAD” sərgi-satış mərkəzlərində 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyinə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb.
“ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə biznesinə dəstək göstərməkdir.
Hazırda “ABAD”ın Masallı və Balakən rayonlarında regional mərkəzləri, Bakı şəhəri üzrə üç sərgi-satış mərkəzi fəaliyyət göstərir.