CƏMİYYƏT
Bakı Dəmir Yolu Vağzalında uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Dəmir Yolu Vağzalında xeyriyyə tədbiri keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir valideyn himayəsindən məhrum olan, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunub. Eyni zamanda, tədbirdə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Qadın və uşaq” sığınacağının sakinləri də iştirak edib.
Tədbirin əsas məqsədi uşaqlara diqqət və qayğının göstərilməsidir.
Belə ki, 70-ə yaxın uşaqla birgə vağzala ekskursiya təşkil olunub. Daha sonra dayanacaqdakı qatarlarla tanış olan uşaqlar üçün ilk dəfə olaraq qatar həyəcanı yaşanıb. Onlar üçün nəzərdə tutulmuş Bakı-Sumqayıt qatarı ilə Xırdalan stansiyasına qədər qısa səyahət təşkil olunub. Səyahətin sonunda tədbir vağzal binasında onlar üçün hazırlanmış masa ətrafında yığıncaqla davam etdirilib. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, incəsənət ustalarının iştirakı ilə konsert keçirilib.
Qeyd edək ki, tədbir “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Talassemiya Federasiyası, “Leykemiya ilə Mübarizə” İB, “Təmiz Dünya Qadınlara Yardım” İB və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.