CƏMİYYƏT


Bakı Dövlət Universiteti Türk Universitetlər Birliyi ilə əməkdaşlıq edəcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) baş katibinin müavini Ömer Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən universitetin beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan danışıb.

Ömer Kocaman təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək Şuranın məqsəd və vəzifələri sırasında elm, texnologiyalar, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, BDU və Türk Şurası çərçivəsində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin birgə layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Türk Universitetlər Birliyi ilə BDU-nun əməkdaşlıq əlaqələri, təhsil və elmlə bağlı bir sıra layihələrin icrası qərara alınıb.

Nümayəndə heyəti prorektor, xarici tələbələrlə iş üzrə dekan və beynəlxalq layihələr şöbəsinin müdiri ilə də görüşüb. Görüşdə Türk Universitetlər Birliyi nəzdindəki Orhun Süreci proqramının BDU-da reallaşdırılması məsələləri, həmçinin universitetdə Bolonya prosesinin tətbiqi, Erasmus Mundos, Mövlanə Mübadilə proqramları kimi layihələrin icrası müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.