ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti Türkiyənin üç ali məktəbi ilə müqavilə imzalayıb
Bakı, 11 mart, AZƏRTAC
Türkiyənin İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan və Ege Universitetinin rektoru, professor Hatice Beril Dədəoğlu Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Türkiyənin universitetləri ilə əməkdaşlığından danışıb.
Təmsil etdikləri ali təhsil müəssisələrinin fəaliyyət istiqamətlərinə toxunan türkiyəli rektorlar BDU ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildiriblər.
Görüşdə BDU ilə Türkiyənin İstanbul Universiteti, İstanbul Kəmərburqaz Universiteti və Ege Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların təşkili, müəllim, tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
C.Erhan redaktoru olduğu “Qafqazın yüksələn ulduzu İlham Əliyev dönəmində Azərbaycan” kitabını BDU-ya hədiyyə edib.
Qonaqlar BDU-nun elmi-tədqiqat və tədris laboratoriyaları, mərkəz və muzeyləri ilə tanış olublar.