ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti ilə Rumıniyanın ali məktəbləri arasında əməkdaşlıq genişlənir
Bakı, 25 may, AZƏRTAC
Birinci Azərbaycan-Rumıniya Universitetlərarası Forumu çərçivəsində Rumıniyanın İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universitetinin prorektorları – Liviu Dan Miron, İonel Mangalagiu, diplomatik müşavir Mihaela İanku Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib.
Kimya, biologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin mütəxəssisləri ilə davam edən görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan-Rumıniya Universitetlərarası Forumu mayın 24-də öz işinə başlayıb və forumda iştirak etmək üçün Rumıniya milli təhsil nazirinin müavini Giqel Paraşivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfərə gəliblər.