ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti ilə Türkiyənin Səlcuq Universiteti arasında əməkdaşlığa dair protokol imzalanıb
Bakı, 27 may, AZƏRTAC
Türkiyənin Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbelin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışıb.
Rəhbərlik etdiyi ali məktəbin tarixi, beynəlxalq əlaqələri barədə məlumat verən rektor Türkiyə universitetləri ilə əməkdaşlığın, Mövlanə Mübadilə Proqramının əhəmiyyətini vurğulayıb.
Görüşdən məmnunluğunu bildirən professor H.Gökbel Səlcuq Universitetinin fəaliyyətindən, BDU ilə əməkdaşlığın perspektivlərindən bəhs edib.
Sonra Bakı Dövlət Universiteti ilə Səlcuq Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində Mövlanə Mübadilə protokolu imzalanıb.
Sənəddə tələbə və müəllim mübadiləsi, ikitərəfli əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Qonaqlar BDU-nun Tədris Elektron Mərkəzi və elmi laboratoriyaları ilə də tanış olublar.