ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti ilə UAFA təşkilatı arasında memorandum imzalanıb
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Bakı Dövlət Universiteti (BDU) ilə Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı arasında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, BDU-da keçirilən imzalanma mərasimində bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor UAFA təşkilatının fəaliyyəti ilə bağlı fikirlərini bildirib, bu qurum tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
UAFA-nın təsisçisi və rəhbəri Qven Börçell bu təşkilatın reallaşdırdığı tədbirlərdən, BDU-nun sosial elmlər və psixologiya fakültəsi ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, elm və təhsil sahəsində əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.
Sonra Bakı Dövlət Universiteti ilə UAFA təşkilatı arasında elm və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə memorandum imzalanıb.
Sənədi A.Məhərrəmov və Q.Börçell imzalayıblar.
Memoranduma əsasən, Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində “Okupasional terapiya” fənni tədris olunacaq. Psixologiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə tədris olunacaq dərslər mühazirə və praktiki formada olmaqla həftədə iki dəfə Erqoterapiya üzrə mütəxəssis Tammie Lenert tərəfindən keçiriləcək.