ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti yeni tədris ilinə tam hazırdır
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ənənəvi olaraq yeni tədris ilinin başlanğıcında tələbələrini yüksək səviyyədə qarşılamaq üçün iyul-avqust aylarında bir tərəfdən tədrisin yeni formatları üzərində, digər tərəfdən auditoriyaların və bütövlükdə universitetin təmiri ilə bağlı müvafiq işlər aparır.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu il BDU-da bakalavr pilləsində filologiya istiqaməti üzrə türk dili və ədəbiyyatı, fars dili və ədəbiyyatı, magistratura pilləsində isə informasiya hüququ, Qafqaz xalqlarının tarixi, media və kommunikasiya sistemləri, televiziya və radio yayımları menecmenti, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, biomüxtəliflik və təbiətin mühafizəsi, bioekologiya, radiasiya materialşünaslığı və atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar açılıb. Hər il oldugu kimi, bu il də yeni dərsliklər və dərs vəsaitləri, metodiki göstərişlər, fənn proqramları, tədris planları yazılıb. Eyni zamanda, BDU-nun Qazax filialına səkkiz ixisas üzrə tələbə qəbulu aparılıb ki, həmin ixtisaslardan turizm və otelçilik, ekologiya və biologiya müəllimliyi yenidir.
Bu il bir çox şöbələr yenidən qurularaq istifadəyə verilib, kafedra, tədris və elmi-tədqiqat laboratoriyaları əsaslı şəkildə təmir edilib. Təmir-bərpa işləri BDU-nun bütün fakültələrini əhatə edib və əksər auditoriyalar müasir multimedia vasitələri ilə təmin olunub. Jurnalistika fakültəsinin bütün auditoriyalarında təmir işləri aparılıb. Belə ki, auditoriyaların içərisi - divarları, pəncərə örtükləri (jalüzlər), tələbə partaları, lövhələr tamamilə yenilənib, bir sıra auditoriya “ağıllı lövhələrlə” təmin edilib. Fakültənin dekanlığında rahat iş şəraiti yaradılıb, yeni yarımotaqlar düzəldilib, kafedralar təmirindən tutmuş mebelinədək tamamilə yeni formata salınıb. Universitet rəhbərliyi jurnalistika sahəsində hər gün baş verən texnoloji yeniliklərə olan tələbatı nəzərə alaraq tədris-teleradio studiyasının, online auditoriyanın yaradılmasına nail olub.
Eyni zamanda, Avropa standartlarına uyğun təmir və təchiz edilmiş kitabxana və oxu zalları, biologiya fakültəsində yeni kompozisiyalar və müqəvvalarla təmin edilmiş təkamül-təlim muzeyi istifadəyə hazır vəziyyətə salınıb. Əsas binada, bir və iki saylı tədris korpuslarında Almaniya istehsalı olan beş liftin quraşdırılması prosesi başa çatmaq üzrədir. Bu tədris ilində universitetdə Yüksək Texnologiyalar Mərkəzinin təməlinin qoyulması, BDU-nun Dil Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır, ümumilikdə 14 xarici dil tədris edilir.