QAN YADDAŞI
31 mart soyqırımı azərbaycanlılara qarşı yönəlmiş qəddar siyasətin tərkib hissəsidir
Bakı, 29 mart, P.İmanova, AZƏRTAC
Martın 29-da Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verib.
A.Məhərrəmov mənfur qonşularımızın tarixboyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söyləyib, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib. Rektor 31 mart soyqırımının 200 il ərzində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı yönəlmiş qəddar siyasətin tərkib hissəsi olduğunu deyib.
1918-ci il 31 mart soyqırımından bəhs edən A.Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Bildirilib ki, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırımının qurbanlarının xatirəsini ehtiramla anırıq.
Universitetin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri tarixi faktlarla diqqətə çatdırıb. Qeyd edilib ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qanlı qırğınlar törədiblər. Soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, itkin düşüb.
Digər çıxış edənlər də ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıblar.
Tədbirdə 31 mart soyqırımından bəhs edən videoçarx nümayiş olunub.