ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək” mövzusunda tədbir keçirilib
Bakı, 26 may, İbrahim Əsədov, AZƏRTAC
Mayın 26-da Bakı Dövlət Universitetində (BDU) “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarında könüllülər kimi iştirak edəcək BDU tələbələrinin qatıldıqları tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, Azərbaycanın çox sürətlə inkişaf etdiyini vurğulayıb.
“Bakı-2015” birinci Avropa Oyunlarının tarixi əlamətdar hadisə olduğunu diqqətə çatdıran rektor bu möhtəşəm tədbirin ürəkdən dəstəkləndiyini bildirib. Qeyd olunub ki, BDU-da “Bakı-2015” birinci Avropa Oyunlarına sən də qoşul!” devizi altında təbliğat-təşviqat kampaniyası uğurla davam edir. BDU-nun üç min könüllüsü bu möhtəşəm tədbirə qoşulub.
“Bakı – 2015” birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru Saymon Kleq Azərbaycanda keçiriləcək bu möhtəşəm tədbirin əhəmiyyətindən bəhs edib, könüllülərin dəstəyini yüksək dəyərləndirib.
S.Kleqə “Bakı Dövlət Universitetinin fəxri qonağı” mükafatı təqdim olunub.
Digər çıxış edənlər də “Bakı-2015” birinci Avropa Oyunlarının dünyada böyük maraq doğuracağına əminliklərini vurğulayıblar.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı videoçarxlar nümayiş etdirilib.