ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində “Çanaqqala: barışa uzanan yol” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakı, 22 may, İbrahim Əsədov, AZƏRTAC
Mayın 22-də Bakı Dövlət Universitetində (BDU) Türkiyənin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Avstraliya İttifaqının Azərbaycandakı səfirlikləri ilə birgə “Çanaqqala: barışa uzanan yol” mövzusunda beynəlxalq konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışıb. Ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Rektor Çanaqqala zəfərinin tarixi əhəmiyyətindən söz açıb, bu zəfərin türk dünyası tarixinin şanlı səhifəsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, Çanaqqala zəfərindən 100 il keçir. Çanaqqala savaşı Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Bu savaşda türk əsgərləri əsl vətənpərvərlik, qəhrəmanlıq nümunəsi göstərərək tarixi qələbə qazanıblar. Bu qələbədə azərbaycanlıların da payı vardır. Çanaqqala savaşında şəhid olmuş azərbaycanlıların fədakarlığı nəsillərə layiqli örnəkdir.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Çanaqqala savaşında qazanılan qələbənin Türkiyə tarixində çox mühüm bir hadisə olduğunu diqqətə çatdırıb.
Səfir azərbaycanlıların türk qardaşlarının köməyinə çatdıqlarını da xüsusi vurğulayıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq, Avstraliya İttifaqının ölkəmizdəki səfiri Ceyms Martin Larsen Çanaqqala savaşı ilə bağlı fikirlərini bildiriblər.
Türkiyənin Çanaqqala 18 Mart Universitetinin təsisçi-rektoru, professor Əhməd Mete Tuncokunun Çanaqqala zəfəri haqqında məruzəsi dinlənilib.
Digər çıxış edənlər də Çanaqqala zəfərinin Türkiyə tarixinin böyük qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.