ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Bakı, 20 aprel, Xatirə Cəfərova, AZƏRTAC
Aprelin 20-də Bakı Dövlət Universitetində (BDU) “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, aprelin 22-dək davam edəcək konfrans Təhsil Nazirliyi, BDU, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET – nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional şəbəkəsi və İtaliyanın Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən BDU-nun rektoru akademik Abel Məhərrəmov bildirib ki, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutları alimlərinin də iştirak etdikləri konfrans işini bölmə iclaslarında davam etdirəcək və maraqlı stend məruzələr təqdim olunacaq.
Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev, Ankara Universiteti Fizika fakültəsinin dekanı professor İman Əsgərzadə, Yaponiyanın Hirosima Universitetinin professoru Tomohiro İnagaki, Polşanın Lyublin Universitetinin professoru Miroslav Kulik, Ali Attestasiya Komitəsinin sədr əvəzi, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Pakistanın Komsats İnstitutunun professoru Arşad Salim Bhathi çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Sonra konfrans işini “Nanotexnologiyalar və materialşünaslıq”, “Opto-nano elektronika”, “Nəzəri, riyazi və yüksək enerjilər fizikası”, “Bioloji və tibbi fizika”, “Kondensləşmiş mühitlər fizikası”, “Astrofizika” bölmələrində davam etdirib. İki gün ərzində konfransda 130-dək məruzə dinləniləcək.
Konfransın Azərbaycan və rus dillərində olan məqalələri “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin “Thomson Reyters” agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap edilməsi də nəzərdə tutulub.