ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələləri müzakirə edilib
Universitetdən AZƏRTAC-a bildiriblər ki, iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumat verib. Bildirib ki, hər il Forumda yüksək səviyyəli dövlət rəsmiləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak edirlər. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılan Forumda beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və bəyannamələr qəbul edilir.
Rektor qeyd edib ki, Forumun hər il bir “dəyirmi masa”sı Bakı Dövlət Universiteti tərəfindən təşkil edilir. Cari ilin oktyabr ayında keçiriləcək IV Forum çərçivəsində BDU-nun təşkil edəcəyi “dəyirmi masa”nın mövzusu isə “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlanır.
Rektor bildirib ki, IV Forum da humanitar sahədə göstərilən beynəlxalq səylərə böyük bir töhfədir və dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı anlaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəlib. Artıq ənənə halını almış bu Forum siyasi, intellektual, elmi və akademik dairələri, müxtəlif ölkələrdən elit qrupları bir araya gətirir və bu amil ölkəmizin gündən-günə artan nüfuzunun bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda “dəyirmi masa”da “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” və “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlı üç bölmə nəzərdə tutulub.
Qeyd edilib ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını təmin etmək üçün artıq BDU-da altı nəfərdən ibarət xüsusi qərargah yaradılıb. Qərargahın üzvləri xarici ölkələrdən dəvət edilən və bu “dəyirmi masa” üzrə qeydiyyatdan keçən iştirakçılarla əlaqə yaradaraq onların Forumda hansı mövzularda çıxış etmək istədiklərini aydınlaşdırıb, həmçinin BDU və digər müəssisələrdən bir masada iştirak edəcək nümayəndələr arasından məruzəçilər müəyyən edilib. Bu günə qədər bu “dəyirmi masa”da iştirak etmək üçün artıq 25 xarici ölkədən nümayəndələr qeydiyyatdan keçiblər. “Dəyirmi masa”da İsrail, Albaniya, Serbiya, Gürcüstan, Yaponiya, İngiltərə, Amerika, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan və Vyetnamdan nümayəndələr iştirak edəcəklər. Qonaqlar arasında Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik, şirkət rəhbərləri, media nümayəndələri var. Ötən forumlarda olduğu kimi, bu il də universitet alimlərinin Nobel mükafatçıları qarşısında innovativ tədqiqatlarla bağlı çıxışları planlaşdırılır.
İclasda Forum çərçivəsində xarici ölkə universitetləri ilə əməkdaşlıq məsələlərinin təşkili və digər məsələlər ətraflı müzakirə edilib.