ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində “Məzun günü”
Bakı, 30 iyun, Maqsud Dadaşov, AZƏRTAC
İyunun 30-da Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə beynəlxalq tələbə himni olan “Qaudames” səsləndirilib və məzunlar “Universitetim” şeirini oxuyublar.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin də məzunu olduğu bu ali təhsil ocağını bitirmək böyük xoşbəxtlik və səadətdir.
Rektor vurğulayıb ki, cari ildə universitetdə dörd minədək tələbə məzun olur, onlardan təxminən 400-ü fərqlənmə diplomuna layiq görülüb. Hər il olduğu kimi bu il də magistratura imtahanlarında məzunlarımız respublikada ən yüksək göstəricilərə nail olublar. Belə ki, BDU dünya universitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings 2015/2016” reytinqində 701+ yerdə qərarlaşıb, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində 88-ci yeri tutub.
Sonra universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqdim edilib, rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda, tələbə andı oxunub.
Məzunlar doğma universitetin adını daim uca tutacaqlarını söyləyib, keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda rektor və tələbələr üzərinə “Məzun-2016” yazılmış şarı havaya buraxıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib.