ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində “Novruz mühazirələri” təşkil olunub
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Bakı Dövlət Universitetində (BDU) “Novruz mühazirələri” keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis deputatlarının, elm və təhsil işçilərinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov cəmiyyəti düşündürən, aktual elm sahələri barədə mühazirələri dinləmək imkanını yaradan “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb.
BDU-nun nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevanın “Kiçik zərrələrin böyük qüdrəti: nanotexnologiyalar” mövzusunda mühazirəsi dinlənilib.
F.Hacıyeva mühazirəsində XXI əsrin texnologiyası hesab olunan nanotexnologiya, onun tarixi, inkişaf xronologiyası, dünyada əsas tətbiq imkanları, o cümlədən BDU-da bu sahənin inkişafı və əldə edilən nəticələr barədə məlumat verib. Bildirilib ki, universitetdə bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşıb, alimlərin araşdırmaları dünyanın bu istiqamətdə tədqiqat aparan mərkəzlərində çalışan mütəxəssislər, o cümlədən BDU-da mühazirə deyən Nobel mükafatları laureatları tərəfindən yüksək qiymətləndirilib.
Mühazirəçi, eyni zamanda, nanotexnologiyanın hərbi sənaye, tibb, ekologiya sahələrində tətbiqi, nanorobotların gələcək fəaliyyəti, ətraf mühitin qorunmasında robottexnikanın rolu, nanotoksikologiya ilə alınan məhsulların artması, tətbiq sahələrinin genişlənməsi, xüsusilə ətraf mühitin qorunması və tibbi praktikada tətbiqi, aviasiya və kosmonavtikada istifadəsindən bəhs edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Novruz mühazirələri”nin əsas məqsədinin təhsil və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi olduğunu bildirib və mühazirəni yüksək dəyərləndirib.