ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində elmin və tədrisin inkişafı istiqamətində müzakirələr aparılıb
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Bakı Dövlət Universitetində (BDU) elmi şuranın genişləndirilmiş iclası olub.
Əvvəlcə BDU elmi şurasının üzvü, tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əlirza qızı Əliyevanın xatirəsi birdəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edib, BDU-da bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışıb.
Rektor, iclasın gündəliyindəki məsələləri də diqqətə çatdırıb.
Sonra akademik A.Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevi Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi olması və akademik Vasif Babazadəni akademik Musa Əliyev adına mükafata layiq görülməsi münasibətilə təbrik edib.
Rektor, eyni zamanda, BDU-da çalışan, AMEA-nın bu il mayın 2-də keçirilmiş seçkilərində akademiyanın həqiqi və müxbir üzvü seçilmiş alimləri təbrik edib, uğurlar arzulayıb.
İclasda “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal qazanan BDU-nun tətbiqi-riyaziyyat və kibernetika, filologiya fakültələrinin yetirmələri - Ayxan Mamayev və Fəridə Abiyevaya universitetin xatirə hədiyyələri təqdim olunub.
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva 2016-2017-ci tədris ilində yaz semestri imtahan sessiyasının təşkili və yekun dövlət attestasiyasına hazırlıq haqqında məlumat verib.
Universitetin radio-televiziya studiyasında tələbələrin xəbərlər blokundan ibarət hazırladıqları video nümayiş etdirilib.
BDU-nun tədris metodiki şurasının sədri, akademik Vasif Babazadə şuranın birillik fəaliyyəti barədə hesabat verib.
Çıxış edənlər universitetdə elmin, tədrisin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan bəhs ediblər.
Sonra cari məsələlərə baxılıb, müzakirələr aparılıb.