ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində könüllülərlə görüş olub
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi iştirak etmiş üç min tələbəsi ilə görüş olub.
BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində könüllülərin xüsusi xidmətlərini qeyd edərək onlara təşəkkürünü çatdırıb.
Rektor Prezident İlham Əliyevin “Bakı-2015” birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlar ilə görüşdəki çıxışında könüllülərin xidmətlərinə yüksək dəyər verdiyini, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın möhtəşəm tədbirin bağlanış mərasimində könüllülərə təşəkkür etdiyini xatırladıb.
Təhsil naziri Mikayıl Cabbarovun tələbə könüllülərə ünvanlanmış minnətdarlıq müraciətini diqqətə çatdıran akademik A.Məhərrəmov, eyni zamanda, tələbələrin problemləri ilə maraqlanıb, müvafiq tapşırıqlar verib.
Könüllülər üçün başlanan sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün qaydalarda dəyişiklik edildiyini, imtahanların şifahi qaydada aparılacağını diqqətə çatdırıb.