ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində məzunlarla görüş olub
Bakı, 30 iyun, İbrahim Əsədov, AZƏRTAC
İyunun 30-da Bakı Dövlət Universitetində (BDU) 2014-2015-ci tədris ilinin məzunları ilə təntənəli görüş olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin iştirak etdikləri görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Rektor “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb.
Akademik A.Məhərrəmov BDU-nun üç min tələbəsinin birinci Avropa Oyunlarında könüllü kimi iştirak etdiyini söyləyib.
Ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladan rektor BDU-da təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Bildirilib ki, 2014-2015-ci tədris ilində BDU-nu dörd minədək tələbə bitirir. Onlardan dörd yüzü fərqlənmə diplomuna layiq görülüb.
Akademik A.Məhərrəmov məzun adını qazanmış tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomu təqdim olunub.
Tədbirdə rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanladığı təşəkkür məktubu, eyni zamanda, tələbə andı oxunub.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.