QAN YADDAŞI
Bakı Dövlət Universitetində soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 31 mart, Kifayət Əliyeva, AZƏRTAC
Martın 31-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımının dəhşətlərindən danışan rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi-hüquqi qiymət verilib.
A.Məhərrəmov vurğulayıb ki, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımında qətlə yetirilənlərin xatirəsini ehtiramla anırıq.
Tarix elmləri doktoru, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildirib.
Tədbirdə həmçinin tələbələrin çıxışları dinlənilib.
Bildirilib ki, bu gün BDU-nun jurnalistika fakültəsinin tələbə və müəllimlərindən bir qrupu “Dəvəli” ASC-nin təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksində olublar.