ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində tanınmış şairlə görüş
Bakı, 15 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində tanınmış şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov şairin həyat və fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib.
Professorlar Tofiq Hüseynoğlu, Cəlil Nağıyev və başqaları tanınmış şairin fərdi yaradıcılıq üslubundan danışıblar.
İştirakçıları xoş ovqatla salamlayan şair tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün onda böyük təəssürat oyatdığını qeyd edib.
V.Əziz müəllim və tələbələrin suallarını cavablandırıb, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, şeirlərini oxuyub.