ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 9 dekabr, X.Cəfərova, AZƏRTAC
Dekabrın 9-da Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin universitetdəki büstünün önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs edib. Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan, rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq proqramlarından danışan rektor Ulu Öndərin siyası kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ulu Öndərin xalqımızın həyatında, Azərbaycan dövlətinin formalaşmasında rolundan danışan Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycanın hər hansı bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda Heydər Əliyev siyasətinin nəticələrini görürük. Azərbaycan dövləti və dövlətçiliyi Ümummilli Liderin şah əsəridir. Hər bir xalqın, millətin əldə etməyə çalışdığı və qazandığı başlıca sərvəti onun dövlətidir. Bu gün müasir Azərbaycan dövləti var, inkişaf edir və daha artıq nailiyyətlər əldə edir. Bu, müdrik rəhbər Heydər Əliyevin ən böyük xidmətidir.
B.Muradova bildirib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması, müasir Azərbaycanın ərsəyə gəlməsi, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Heydər Əliyev ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Dahi şəxsiyyət Heydər Əliyevin böyük liderlik istedadı, dərin zəkası sayəsində Azərbaycan iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlərə imza atıb. Ulu Öndərin yürütdüyü uğurlu siyasət ölkəmizə beynəlxalq aləmdə nüfuz qazandırıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıb.
F.Heydərov bildirib ki, siyasi müdrikliyinə, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq milləti parçalanmaqdan, ölkəni məhv olmaqdan qurtarmış, qısa vaxtda Azərbaycanın dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olmuş ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Sonda Ulu Öndərin keçdiyi mənalı ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub.