QAN YADDAŞI
Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Qazax, 24 fevral, Famil Quliyev, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayı Xocalını işğal etdi, kütləvi qırğın törətdi. Bu qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universiteti Qazax filialının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfransda məlumat verilib.
Universitetin akt zalında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU Qazax filialının direktoru Vüsət Əfəndiyev konfransı açaraq Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətinin tarixi mərhələləri və bu kontekstdə ermənilərin Azərbaycana köç tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri, Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, XX əsrdə Azərbaycan xalqına qarşı törədilən soyqırımlarından ən ağrılısı Xocalı faciəsidir. Bu faciəyə yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi qiymət verildi. Belə qanlı, bəlalı günlər Qazaxdan da yan keçməyib, rayonun 7 kəndi ermənilər tərəfindən işğal olunub. Bunun nəticəsidir ki, bu gün rayonda 275 şəhid ailəsi, 377 Qarabağ müharibəsi əlili, 2310 Qarabağ müharibəsi veteranı və 7902 nəfər məcburi köçkün statusuna malik vətəndaş var.
Daha sonra məruzələr dinlənilib. Filialın fakültə dekanı Hüseyn Xəlilov, kafedra müdirləri İradə Arıxova, Rəşid Məhərrəmov və başqaları Xocalı soyqırımına həsr olunmuş müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.