ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin Qubadakı tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası təşkil olunmuşdur VİDEO
Quba, 5 iyul (AZƏRTAC). İyulun 5-də Bakı Dövlət Universitetinin (BDU) Qubanın II Nügədi kəndindəki tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə toplantı iştirakçıları ümummilli lider Heydər Əliyevin mərkəzin foyesindəki büstü önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açmışdır. Bildirmişdir ki, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlətimizin başçı İlham Əliyev bu sahəyə çox yüksək diqqət və qayğı göstərir. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyi, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığı qeyd olunmuşdur.
Tədbirdə Quba Tədris Təcrübə və İstirahət Mərkəzi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəz 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılmışdır. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetdə təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradılmışdır. Qeyd olunmuşdur ki, iyunun 7-dən etibarən BDU-nun bir qrup tələbəsi 1 ay müddətində mərkəzdə istehsalat təcrübəsində olacaqlar.
Toplantıda Milli Məclisin deputatı Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək ölkəmizin təhsil, eləcə də digər sahələrdə əldə etdiyi uğurlardan söz açmışlar.
İclasda universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyevanın 2013-2014-cü tədris ilində Yekun Dövlət Attestasiyası və yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı məruzəsi dinlənilmişdir.
Elmi Şuranın iclasında elmi adların verilməsi, yay semestrinin təşkili, yay imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinin, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə seçilənlərin mükafatlandırması kimi məsələlərə baxılmışdır.