ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin professoru Londonda beynəlxalq konfransda iştirak edib
Bakı, 3 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, yazıçı, ədəbiyyatşünas Vaqif Sultanlı Londonda keçirilən 18-ci Beynəlxalq Akademik Konfransda (18th İnternational Academic Conference) iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Sosial və İqtisadi Elmlər İnstitutunun (İİSES), Çexiya Elmlər Akademiyası və Oksford Universitetinin birgə təşkil etdiyi, Londonun “Strand Palace” otelində keçirilən konfransda fəlsəfə, iqtisadiyyat, sosiologiya, psixologiya, filologiya, pedaqogika elmləri üzrə bir sıra maraqlı məruzələr dinlənilib.
Professor V.Sultanlı dünyanın 40-dan artıq ölkəsindən 200-dək görkəmli elm xadiminin qatıldığı konfransda “XX əsr Azərbaycan mühacirət folklorşünaslığı (epos araşdırmaları kontekstində)” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın materialları sentyabrın sonunda dörd toplu halında nəşr olunacaq.