ELM VƏ TƏHSİL
“Bakı Dövlət Universitetinin yapon dili şöbəsinin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb
Bakı, 3 fevral, M.Dadaşov, AZƏRTAC
Fevralın 3-də Bakı Dövlət Universitetində (BDU) “Bakı Dövlət Universitetinin yapon dili şöbəsinin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi universitetdə yapon dili şöbəsinin otaqlarını təmir və lazımi avadanlıqla təchiz etmək, təhsilin səviyyəsinin yaxşılaşdırılmasına kömək göstərməkdir. Layihənin ümumi həcmi 77.060 ABŞ dolları təşkil edir.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrindən, o cümlədən Yaponiyanın universitetləri ilə uğurlu əməkdaşlıqdan danışıb. Bildirilib ki, 2000-ci tədris ilindən etibarən BDU-nun şərqşünaslıq fakültəsində Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası yaradılıb. Bu illər ərzində yaponşünaslıq ixtisası üzrə 11 buraxılışda 100-dək bakalavr, yeddi buraxılış üzrə 10-dan çox magistr hazırlanıb, bir nəfər doktorluq dissertasiyası müdafiə edib. Habelə, məzunlardan altısı Yaponiyada magistratura pilləsində təhsil alıb. Ötən illərdə BDU-nun və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Bakı yapondili natiqlik müsabiqəsi, konfranslar, yapon mədəniyyət günləri kimi tədbirlər keçirilib.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi BDU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, birgə həyata keçirilən tədbirləri yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, imzalanan sənəd BDU-da yapon dilinin tədrisinin yüksək səviyyədə təşkilinə, müvafiq sahədə kadrların hazırlanmasına xidmət edəcək.
Sonda Azərbaycan ilə Yaponiya arasında təhsil sahəsində əlaqələrin uğurlu inkişafı barədə videoçarx göstərilib.