ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti və Tehran Universiteti arasında əlaqələr genişləndiriləcək
Tehran, 3 mart, AZƏRTAC
Martın 2-də Tehran Universitetinin 80 illik yubileyi qeyd edilib.
Tədbirdə İraq, Suriya, Livan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov da iştirak edib.
Mərasimə, həmçinin Tehran Universitetinin professor-müəllim heyəti, İranın mədəniyyət, elm və təhsil nazirləri, tələbələr və məzunlar qatılıblar.
Tədbirdə çıxış edən A.Məhərrəmov Tehran Universitetinin rektoru Nili Əhmədəbadini və universitetin elmi işçilərini təbrik edib. O, Azərbaycan ilə İran arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf etdiyini deyib. Elmi əlaqələrin inkişafı da hər iki dövlətin maraqlarına uyğundur. Ona görə də bu istiqamətdə irəliyə doğru addımlar atmaq lazımdır.
Rektor qeyd edib ki, BDU ilə Tehran Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Protokola əsasən tələbə və müəllim mübadiləsi aparılacaq. Tehran Universiteti BDU-nun şərqşünaslıq fakültəsinə müəllim göndərəcək, BDU isə şərqşünaslıq fakültəsinin magistr pilləsində olan tələbələrini Tehran Universitetinə göndərərək onların daha təkmil təhsil almalarına şərait yaradacaq.
Tədbirdə Böyük Britaniyadan, İtaliyadan və başqa ölkələrdən gələn alimlər çıxış ediblər.
Çıxışlardan sonra konsert proqramı olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran