MƏDƏNİYYƏT


Bakı Film İnstitutu növbəti tələbə qəbuluna başlayıb

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Bakı Film İnstitutunda (BFİ) növbəti kinorejissor, kinoprodüser, ssenarist, aktyor kurslarına tələbə qəbuluna start verilib.

BFİ-nin rəhbəri, kinoprodüser Fehruz Şamıyev AZƏRTAC-a bildirib ki, dərslərə sentyabr ayında başlanılacaq: “BFİ-ni yaratmaqla ilkə imza atdiq. Baxdıq ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirməyən, lakin çox istedadlı gənclərimiz var. Müxtəlif təhsil ocaqlarında oxumaqlarına baxmayaraq, onların kinoya bağlılıqları çoxdur. Sadəcə iş elə gətirib ki, onlar başqa ixtisaslar üzrə təhsil almalı olublar. Onları bir yerə yığmaqda BFİ-nin böyük rolu oldu. Dünya kinosuna nəzər yetirəndə görürük ki, xeyli rejissorlar, aktyorlar və prodüserlər ixtisasca başqa sahə üzrə təhsil alıblar. Lakin istedadları sayəsində bu sənətdə kifayət qədər uğur qazanıblar. Belə hallar kinoda normaldır. Bu baxımdan, biz də kinorejissor, aktyor, prodüser kurslarını təşkil etdik”.

Fehruz Şamıyev bildirib ki, növbəti kursların elanı verilib, artıq tələbələrin qeydiyyatı aparılır. Sentyabr yeni dərs ilinin başlanğıcıdır, elə BFİ-də də elədir. Qeydiyyatı yekunlaşdırıb, növbəti qruplarla dərslərə start veriləcək. O, yeniliklərin də olacağını deyib.

BFİ-nin rəhbəri qeyd edib ki, bu illər ərzində təşkil olunan iki kinoprodüser, iki rejissor, dörd aktyor kursunda 50- dən çox tələbə təhsil alıb: “Hazırda onların bəziləri Avropa, Amerika, Türkiyə və Rusiyada kino təhsilini davam etdirirlər. Elə sonuncu- Əməkdar Artist Nofəl Vəliyevin aktyor kursunun tələbəsi Ruslan Pavlov dünyaca məşhur Boris Şukin adına Teatr İnstitutuna qəbul olan və dövlət hesabına təhsil alacaq 15 azərbaycanlıdan biri oldu. Bundan başqa bəzi tələbələrimiz öz şirkətlərini yaradıb, öz filmlərini çəkirlər. Aktyorlarımız isə serial və filmlərdə baş rol, ikinci dərəcəli və epizodik rollarda çəkilirlər. Bütün bunlara nail olmaq gözəldir, amma hədəflərimiz daha da irəli getməkdir. Ona görə istedadına güvənən gənclərə qapımız hər zaman açıqdır. Kinonu sevən, bu yolda irəliləmək istəyən hər bir gənc kurslarımıza qatıla bilər”.

Qeyd edək ki, BFİ-də indiyədək ölkənin peşəkar kino mütəxəssisləri öz biliklərini gənclərlə bölüşüblər. Belə ki, kurslarda rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, Cavid Təvəkkül, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Fehruz Şamıyev, Elnur Əliyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov, Rasim Cəfər, Bəhruz Vaqifoğlu və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri isə kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor-rejissor Qurban Məsimov, Nofəl Vəliyev olub. Bundan başqa, mərkəzdə Avropa Kino Akademiyasının ən yaxşı prodüseri Zeynəb Özbatur Atakanın da treninqləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.