CƏMİYYƏT


Bakı, Gəncə, Lənkəran və Quba şəhərləri “Yer Saatı-2016” kampaniyasına qoşulub

A+ A

Bakı, 20 mart, AZƏRTAC

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Green Baku ekoloji gənclər birliyinin təşkilatçılığı ilə ölkəmizdə “Yer Saatı-2016” ekoloji kampaniyası keçirilib. Kampaniyaya Bakı şəhəri ilə yanaşı, Gəncə, Lənkəran və Quba şəhərləri də qoşulub.

WWF-in Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, ən kütləvi ekoloji ictimai aksiya olan “Yer Saatı-2016”-da 178 ölkədən 7 mindən çox şəhər iştirak edib. Bu il martın 19-na təsadüf edən tədbirdə dünyanın 350-dən çox məhşur binası fasad və həyat üçün zəruri olmayan işıqları bir saat müddətində söndürməklə kampaniyaya dəstək verib.

Paytaxtımızda Bakı Şəhər İcra Hakimiyyəti, Hökumət Evi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Elmlər Akademiyası, Azercell, ASAN Xidmət, Hilton, İnturist hotelləri və Bakı Bulvar binalarında elektrik enerjisindən istifadə bir saat dayandırılıb. İlk dəfə olaraq şəhərimizin bir sıra restoranları “Yer Saatı” tədbirini enerjiyə qənaətlə yanaşı, xüsusi sağlam qida məhsulları və akustik musiqi proqramı ilə qeyd ediblər. Builki tədbirə Let’s do it Azerbaijan, “BİR” könüllü proqramı və Azərbaycan Skautlar birliyinin könüllüləri də qoşulublar.

Tədbir iştirakçıları gecə saatlarında AMEA-nın binası qarşısında kampaniyanın rəmzi olan “60+” yazısını şamlarla işıqlandırıblar. “Ən kreativ şam” müsabiqəsinin qalibləri sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, “Yer saatı” kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən ilk dəfə 2007-ci ildə Avstraliyada başladılıb. Aksiya zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanlar enerjiyə qənaətə təşviq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.