İQTİSADİYYAT
Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilmişdir
Bakı, 4 aprel (AZƏRTAC). Aprelin 4-də ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Bibiheybətdə, neftlə çirklənmədən təmizlənmiş ərazidə Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları məşhur ingilis məktəbləri tipində inşa olunacaq binanın sxemi, texniki göstəriciləri və hazır olduqdan sonrakı vəziyyətini əks etdirən lövhə ilə tanış olmuşlar. Mərasimdə İngiltərənin tanınmış “Gabbitas” məsləhətçi təhsil şirkətinin təmsilçiləri, məktəbin direktoru vəzifəsinə keçirilən beynəlxalq müsabiqənin qalibi Qrem Pollik, məktəbəqədər təhsil bölməsinin və ibtidai təhsil bölməsinin rəhbəri vəzifələrinə elan olunmuş müsabiqənin qalibləri Alison Kuk və Kiz Cekson, eləcə də memarlar və inşaat mütəxəssisləri iştirak etmişlər.
Məlumat verilmişdir ki, Dövlət Neft Şirkətinin təşəbbüsünə əsasən, bütün dünyada mövcud ingilis məktəbləri sisteminə uyğun inşa olunacaq 1200 yerlik Bakı İstedadlar Məktəbində məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcəkdir. Məktəbəqədər təhsil bölməsinə 3 yaş qrupunda 75-100 nəfər uşağın artıq bu ildən qəbulu nəzərdə tutulur. Tələbatın artacağı təqdirdə 4 və 5 yaşlı uşaqların 2012-ci ilin sentyabrında və ya 2013-cü ilin yanvarında məktəbə qəbulu həyata keçiriləcəkdir.
İngilis məktəbləri sisteminə məxsus standartlara uyğun fəaliyyət göstərəcək məktəb kompleksində aşağı sinif şagirdləri üçün 32, yuxarı sinif şagirdləri üçün 37 sinif otağı inşa olunacaq və bütün zəruri avadanlıqla təchiz ediləcəkdir. Bundan başqa, məktəbdə 100 yerlik kitabxana, teatr səhnəcikləri, musiqili yaradıcılıq gecələri və konfransların keçirilməsi üçün 600 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, idman zalı, hovuz, futbol və basketbol meydançaları, ibtidai və orta təhsil bölmələri üçün 250 və 300 yerlik yeməkxanalar və məktəb, eləcə də 120 yerlik yataqxana binası, inzibati otaqlar, tibb məntəqəsi, kompyuter otaqları və qeyri-tədris sahələri yaradılacaqdır. Qeyd olunmuşdur ki, məktəbdə bağça və məktəbəqədər təhsil bölməsi üzrə dərslər cari ilin sentyabr ayında, ibtidai və orta təhsil bölmələri üzrə dərslər isə 2013-cü ilin sentyabr ayında başlayacaqdır.
Sonra ARDNŞ-in prezidenti R.Abdullayev məktəbin binasının təməlini qoymaq üçün özülə beton qarışığı tökdü.
Jurnalistlərə müsahibəsində R.Abdullayev bildirmişdir ki, məktəb binasının tikilməsi şirkətin həyata keçirdiyi sosial proqramlardan biridir. Gələcəkdə dəqiq elmlər, xüsusən də neft-kimya sahəsi üzrə mütəxəssislərin hazırlanması məqsədilə istedadlı uşaqlar üçün məktəb binasının tikilməsinə qərar verilmişdir. Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycanda istedadlı uşaqlar üçün ən müasir məktəb binası tikiləcəkdir. Məktəb sentyabrın 15-də fəaliyyətə başlayacaq və İngiltərə proqramları əsasında 12 illik təhsil veriləcəkdir. Burada uşaqlar bağçadan başlayaraq 18 yaşınadək oxuyacaqlar. Məktəb pulsuz olacaq və buraya ölkənin bütün bölgələrindən imtahan verərək, yüksək qabiliyyətli, texniki elmlər üzrə istedadlı uşaqlar qəbul oluna biləcəklər.
R.Abdullayev respublikamızda təhsilin, elmin, idmanın, səhiyyənin, mədəniyyətin inkişafına xidmət göstərən layihələrin bundan sonra da həyata keçiriləcəyini diqqətə çatdırmışdır.