SİYASƏT


Bakı Konqresində xəbər agentliklərinin qarşılaşdığı çağırışlardan çıxış yolları müzakirə edilib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi qısa fasilədən sonra işini çıxışlarla davam etdirib.

Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Bakı Konqresində çıxış edən Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-HÜSEYN açılış mərasimində iştirakına və dərinməzmunlu nitqinə, tədbirlərin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

Ötən Konqresdən keçən müddətdə görülən işlərdən danışan və dünyada baş verən proseslərə qısa nəzər salan Abdullah bin Fəhd Əl-Hüseyn bu dövrdə mühüm irəliləyişlərin olduğunu vurğuladı. SPA-nın prezidenti növbəti üç ildə Dünya Xəbər Agentliklərinin Konqresinə və OANA-ya sədrlik edəcək AZƏRTAC-ın baş direktoru Aslan Aslanova uğurlar arzulayıb, AZƏRTAC-ın bu mühüm vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini bildirdi.

Səudiyyə Ərəbistanı Krallığının dünyada sülhün və sabitliyin inkişafına fəal dəstək verdiyini vurğulayan Abdullah bin Fəhd Əl-Hüseyn bildirdi ki, biz Səudiyyə Xəbər Agentliyində bu sahədə sürətli tərəqqiyə, informasiya texnologiyalarında baş verən inqilabi dəyişikliklər fonunda media sahəsində yeniliklərə uyğunlaşmağa çalışırıq. Bu tədbirlərdə olduqca əhəmiyyətli mövzular müzakirə ediləcək. Əminəm ki, tədbirlərin sonunda müsbət nəticələr əldə olunacaq və Konqres öz məqsədlərinə çatacaq.

OANA-nın prezidenti və Rusiyanın TASS agentliyinin baş direktoru Sergey MİXAYLOV yüksək qonaqpərvərliyə və təşkilatçılığa görə Azərbaycana, Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. OANA-nın fəaliyyətindən danışan S.Mixaylov təşkilatın qlobal informasiya məkanında yüksək fəallıq nümayiş etdirdiyini dedi. O qeyd etdi ki, OANA yeni texnologiyalar, qlobal böhranlar, media nümayəndələrinin müasir texnologiyalarla iş prosesində üzləşdikləri problemlər sahəsində təcrübə mübadiləsi aparmaq üçün əlverişli platformadır. Bu platformada məlumatların, foto və videomaterialların toplanması, mübadiləsi və yayımlanması tərəfdaşlıq səviyyəsində təşkil olunub. OANA-nın prezidenti təşkilatın qlobal problemlərin qarşısının alınması, o cümlədən terrorizmlə mübarizə sahəsində də fəal mövqe nümayiş etdirdiyini, bu istiqamətdə müxtəlif materiallar və nəşrlər hazırlandığını diqqətə çatdırdı. O, OANA-nın gələcəkdə öz sıralarını və əhatə dairəsini daha da genişləndirmək əzmində olduğunu vurğuladı.

İnformasiya sahəsində mühüm məsələlərin müzakirə olunduğu mötəbər tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas ERİKSON çıxış edərək dedi ki, müasir dövrdə informasiyaların oxucuya çatdırılması məqsədilə çoxsaylı etibarlı platformalar yaradılır. Bunun əsas səbəbi isə informasiya texnologiyalarının sürətli inkişafıdır. Hazırda texnologiyaların inkişafı ilə bərabər, keyfiyyətli informasiya mənbələrinə tələbatın artmasının da şahidiyik. Biz son dövrlər dünyada iqtisadi dəyişiklikləri, böhranları, müharibələri, terrorizmi görürük. Buna görə də etibarlı xəbər mənbələrinə ehtiyac böyükdür.

Hazırkı dövrdə insanların məlumatları əsasən yeni rəqəmsal texnologiyalar vasitəsilə əldə etdiklərini deyən Y.Erikson bildirdi: “Bu, o deməkdir ki, jurnalistikanın maliyyələşdirilməsi üçün yeni biznes mexanizmləri işlənib hazırlanmalıdır. Bununla da jurnalistikanın maliyyələşməsinin yeni formalarını tapmaq lazımdır”.

Gənc müstəqil ölkə olan Azərbaycanın gələcək inkişafının daha da uğurlu olacağına əminliyini ifadə edən EANA-nın prezidenti Konqresdə səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-SABAH Heydər Əliyev Fondunun və AZƏRTAC-ın bu tədbirin ən yüksək səviyyədə təşkili üçün ciddi əmək sərf etdiklərini vurğuladı. O dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu Konqresdə iştirakı və maraqlı nitqi tədbirin önəmini daha da artırıb.

FANA-nın prezidenti vurğuladı ki, dünyada informasiyaların maneəsiz axını baxımından xəbər agentliklərinin rolu daha da artıb. Ona görə də düzgün, dürüst və qərəzsiz informasiyalar yayan agentliklərə ehtiyac daha çoxdur. Əsas məqsəd insanlara dünyada baş verən hadisələrin mahiyyətini düzgün şəkildə çatdırmaqdır.

Şeyx Mübarək İbrahim Əl-Sabah dedi ki, ərəb xəbər agentlikləri digər informasiya agentlikləri ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr qurmağa çalışır. Mədəniyyətin təbliği, radikal düşüncələrə qarşı mübarizə, sülh şəraitində yaşamaqla bağlı müxtəlif xalqlar arasında əlaqələrin güclənməsində xəbər agentliklərinin rolunun artırılması bəşəriyyətin xeyrinə olacaq.

Konqresin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a minnətdarlığını bildirən KUNA-nın baş direktoru dost və qardaş Azərbaycana daha böyük uğurlar və sülh arzuladı.

Dünya Xəbər Agentliklərinin V Konqresinin, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasının Azərbaycanın ev sahibliyi ilə eyni vaxtda Bakıda keçirilməsinin qürurverici olduğunu vurğulayan AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV dedi:

-Göstərilən bu yüksək etimada görə üzv ölkələrin informasiya agentliklərinə bir daha təşəkkür edirəm.

Bizim üçün xüsusilə əlamətdardır ki, dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən insanlar qonaqpərvər ölkəmizə müasir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinin bayram edildiyi günlərdə təşrif buyurublar.

Ötən 25 il tarix baxımından qısa dövr olsa da, Azərbaycan çox möhtəşəm uğurlara imza atıb, iqtisadi, siyasi, sosial və humanitar sahələrdə öz paradiqmalarını yaradaraq bölgənin lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib.

Bu çox mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini şərtləndirən amillərdən danışan baş direktor dedi: “Artıq siyasi və politoloji leksikonda tez-tez işlədilən “İnkişafın Azərbaycan modeli”, “Multikulturalizmin və tolerantlığın Azərbaycan nümunəsi”, “Humanitariyanın Azərbaycan platforması”, “Bakı prosesindən başlanan Şərq-Qərb dialoqu”, “Dünyanın humanitar Davosu” ifadələri, uğurla reallaşdırılan transmilli enerji və nəqliyyat layihələri, obrazlı şəkildə desək, müasir Azərbaycanın heç də tam olmayan portret cizgiləridir. Bütün bunlar çox mühüm beynəlxalq tədbirlərin, o cümlədən bu gün bu möhtəşəm Mərkəzdə işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresinin, OANA-nın XVI Baş Assambleyasının və İnformşuranın XXII iclasının Azərbaycanda keçirilməsini şərtləndirən əsas amillərdir”.

Bu mötəbər tədbirlərin keçirilməsinə və təşkilinə verdikləri dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Aslan Aslanov dedi ki, hər bir informasiya agentliyinin həyatında ən mühüm hadisə Dünya Xəbər Agentliklərinin Konqresinə ev sahibliyi etməsidir. Bundan əvvəlki Konqresin kuluarlarında bu hadisəni “dünya informasiya sammiti” adlandırıblar. Beşinci konqresdə müzakirəsi nəzərdə tutulan məsələlərin aktuallıq dərəcəsini qiymətləndirmək heç də asan deyil. Biz yeni minilliyin ötən illərini yola salmaqla sadəcə təqvimin səhifələrini çevirməmişik. XXI əsr bəşər sivilizasiyası üçün tamamilə yeni və keyfiyyətcə fərqli bir dövrdür. Daim yenilənən texnologiyalar gündəlik həyatımıza elə sürətlə daxil olur ki, bəzən onunla ayaqlaşmağa çətinlik çəkirik. Hi-tech sadəcə iş yerimizin simasını dəyişmir, həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Bu heyrətamiz dəyişikliyin nəticəsidir ki, uzun müddət öz ənənəviliyini qoruyub saxlamış jurnalistika son dövrlərdə birdən-birə sürətli transformasiyaya məruz qalıb. Əvvəllər leksikonumuzda olmayan sosial media, multimedia, xəbər sənayesində süni intellekt kimi yeni anlayışlar yaranıb. Texnoloji tərəqqi cəmiyyətin simasını, dünya nizamının axarını dəyişir və təbii ki, medianı da öz arxasınca çəkib aparır.

“Biz - xəbər istehsalçıları, bu sektorun təmsilçiləri olaraq ən dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya yaratmaq və onu məhsullarımızın istehlakçılarına dərhal çatdırmaq vəzifəsinə sadiqliyimizi qoruyub saxlamalıyıq”, - deyən baş direktor bildirdi ki, V Konqresdə müzakirəyə çıxarılan məsələlərin mövzu dairəsini müəyyənləşdirərkən çalışmışıq ki, gündəlik yeni reallıqları əks etdirsin. Əlbəttə, bu gün dünya jurnalistikasının qarşısında duran bütün problemləri beş sessiyada əhatə etmək çətin və mümkünsüzdür. Hesab edirəm ki, bugünkü Konqresdə çox yüksək səviyyəli nümayəndələrin təmsil olunmasını nəzərə alaraq, xəbər agentlikləri arasında əməkdaşlıq formalarını, həmçinin ənənəvi agentliklərdə qarşılıqlı təsir göstərə biləcək istiqamətləri və aspektləri müzakirə etmək, sosial medianın müxtəlif platformaları ilə əməkdaşlıq qurmaq üçün bu fürsətdən mümkün qədər çox yararlanmağa çalışmalıyıq. Multimedia və texnoloji innovasiyalar da xüsusi diqqət tələb edən məsələdir və buna görə də onlara ayrıca sessiyalar həsr olunub. Nəhayət, qaynar nöqtələrdə jurnalistlərin təhlükəsizliyi, münaqişə zonalarında baş verən hadisələrin reportyorlar tərəfindən maneəsiz işıqlandırılması imkanı bizim peşənin gündəliyində qalmaqdadır. Bu məsələ münaqişə və qarşıdurmaların şiddətləndiyi müasir dövrümüzdə özünə xüsusi diqqət tələb edir.

Çıxışının sonunda V Konqresin, XVI Baş Assambleyanın və İnformşuranın XXII iclasının işinə uğurlar arzulayan Aslan Aslanov əmin olduğunu bildirdi ki, üç gün ərzində media kapitanlarının, tanınmış ekspertlərin aktual problemlərlə bağlı məruzələri dinləniləcək, müzakirələrin gedişində maraqlı və faydalı diskussiyalar aparılacaq.

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv MARŞAL tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirdi. O, V Konqresin müasir informasiya məkanında baş verən mühüm məsələlərin müzakirəsi baxımından səmərəli platforma olduğunu qeyd etdi.

2004-cü ildən etibarən mobil texnologiyaların və sosial şəbəkələrin sürətli inkişafı nəticəsində informasiya məkanında mühüm irəliləyişlərin olduğunu deyən K.Marşal bu baxımdan müasir dövrdə xəbər bazarlarında mobil vasitələrlə informasiyaların yayılmasını, məlumat və xəbərlərdən istifadə qaynaqlarının daha geniş şəkildə təqdim olunmasını və s. məsələləri xüsusi vurğuladı. Bildirdi ki, mobil vasitələrin və sosial şəbəkələrin sürətli inkişafı nəticəsində bloqlar, birbaşa xəbərlər, müxtəlif platformalar kütləvi auditoriyaların genişlənməsinə, oxucuların, dinləyicilərin və tamaşaçıların bu imkanlardan daha çevik istifadə etmələrinə səbəb olub. Bütün bunlar ənənəvi media üçün ciddi maneədir. Məsələn, “Guardian” qəzeti sosial medianın inkişafı nəticəsində öz oxucularının 40 faizini itirib. Bu proses nəinki xəbər agentlikləri, o cümlədən jurnalistlər üçün də ciddi çətinliklər yaradır. Bu gün dünyanın müxtəlif bölgələrində müstəqil jurnalistlərə qarşı zorakılıqlar tətbiq olunur. Bu gün rəqəmsal medianın genişlənməsi və daha böyük coğrafiyanı əhatə etməsi nəticəsində hazırda xəbərlərə olan ehtiyac bir qədər fərqli formalar alıb. Məhz bu baxımdan bu Konqresdə müzakirə ediləcək məsələlər böyük maraq doğurur.

Avstraliyanın “PwC” əyləncə və media şirkətinin redaktoru xanım Meqan BROUNLOU xəbər agentliklərinin müasir cəmiyyətlərin həyatında oynadığı rol, sosial şəbəkələrin və mobil platformaların yaratdığı yeni trendlər barədə geniş təqdimatla çıxış etdi.

Xəbər agentliklərinin informasiyaları olduqca qısa müddətdə çatdırmasının müasir dövrdə medianın əsas tələblərindən biri olduğunu bildirən M.Brounlou qeyd etdi ki, gündəlik həyatımızda baş verən hadisələr artıq ənənəvi KİV-lərdən daha çox sosial media vasitəsilə çatdırılır. Müasir cəmiyyətlərdə insanlar xəbər oxumaqdan daha çox kontentlə birbaşa tanış olmağa üstünlük verirlər. Buna görə də onlar əsasən şərhsiz videoxəbərlərə baxaraq özləri təhlil aparmaq istəyirlər. Çünki insanların beynində vizual təsəvvür hər hansı mətndən daha yaxşı qalır. Ona görə də biz oxuculara daha çox vizual xəbərlər təqdim etməyə çalışmalıyıq. Xəbərləri oxuculara onların tələb etdiyi şəkildə çatdırmaq üçün bu informasiyalar videoxəbərlər şəklində çatdırılmalıdır.

Xanım M.Brounlou bildirdi ki, 2020-ci ilədək dünyada insanlar smartfonlardan daha geniş istifadə edəcəklər. Bu, o deməkdir ki, 2020-ci ildə insanların mütləq əksəriyyəti xəbərləri smartfonlar vasitəsilə izləyəcək. Buna görə də biz xəbərlərin, xüsusən də videoxəbərlərin məhz smartfonlar vasitəsilə auditoriyaya çatdırılmasını təmin etməliyik. Burada əsas məqamlardan biri də istehsalçıların videoxəbərləri smartfonların texniki imkan və ölçülərini nəzərə alaraq hazırlamasıdır.

Ekspert informasiya agentliklərinin istehlakçıların xəbərlərdən necə istifadə etmələrini müəyyənləşdirmək üçün auditoriya barədə dataların öyrənilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, bu yolla istehlakçının sayta daxil olaraq xəbəri oxuması, ona şərh yazması, informasiyanı paylaşması və s. əməliyyatlar xəbər agentliyi tərəfindən nəzarətdə saxlanılır.

2010-cu ildən sonra dünyada məlumatların həcminin 50 faizdən çox artdığını deyən M.Brounlou bildirdi ki, bu, bizdən həmin sürətlə ayaqlaşmağı tələb edir. İnformasiyaların həcminin artması ilə yanaşı, məlumatların istehsalına sərf olunan xərclər də azalır. Sosial media çox güclüdür və əksər insanlar bu şəbəkəyə daha böyük üstünlük verirlər. Lakin sosial mediada xəbərlərin mənfi yöndə qavranılması onun əsas zəif cəhətidir. Buna görə də xəbər agentlikləri ən müasir texnologiyalardan istifadə edərək informasiya məkanında fəal rolunu davam etdirməlidir.

Dünya Xəbər Agentliklərinin Bakı Konqresi işini sessiyalarla davam etdirdi.

X X X

Konqresdə iştirakçı agentliklərin “Xəbər”, “Bayramlar” və “İdman” mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olundu. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq, İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. Bakı Konqresində Şuranın yeni üzvləri seçiləcək.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.