QAN YADDAŞI


Bakı Limanı 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib

Bakı, 19 yanvar, AZƏRTAC

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Bakı Limanının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gəlmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib. O qeyd edib ki, 20 Yanvar faciəsinə gerçək hüquqi-siyasi qiymət də məhz Ümummilli Liderin təşəbbüsü ilə verildi. “Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz azad, suveren dövlət kimi inkişafın və uğurun yüksək zirvələrini fəth etməkdədir. Ölkə başçısının yürütdüyü müstəqil siyasət nəticəsində ölkəmizin günbəgün artan inkişafını gördükcə hər birimiz fəxr və qürur hissi ilə deyə bilərik ki, istiqlal şəhidlərimizin canları və qanları bahasına etdikləri fədakarlıq hədər getməyib”.

Daha sonra tədbirdə 20 Yanvar hadisələri zamanı qəhrəmanlıq göstərmiş və bütün xalqımızla həmrəy olmuş limançılar Mircavan Cabbarov və Eldar Rəcəbov dənizçilərimizin şücaətindən geniş söhbət açıblar.

Mircavan Cabbarov çıxışı zamanı 20 Yanvar günü baş verən hadisələri bir daha gözünün qabağında canlandıraraq bildirib ki, “19-dan 20-nə keçən gecə limanda növbətçilik təşkil olunub: “O zaman mən əsas yük terminalına gəldim və buradakı limançılarla birlikdə limanı konteynerlərlə elə bağladıq ki, gəmidəki düşmənlər limana daxil ola bilməsinlər. Lakin bu hadisələr biz limançıları qorxutmadı, yaralansaq və xəsarət alsaq da Vətənin azadlığı uğrunda bir yumruq kimi birləşdik”

Bu hadisələrin canlı şahidi olmasa da bu günün önəmini Azərbaycan tarixi üçün anlayan gənc limançı Cavad Seyidov da çıxış edərək igid oğul və qızların qanı bahasına qazanılan, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, eyni zamanda, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə davam etdirilən dövlət siyasətinin əsasını təşkil edən müstəqilliyin gənc nəsillər tərəfindən qorunub saxlanılmasının vacibliyindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.