İQTİSADİYYAT
Bakı Limanı “TransCaspian 2016” sərgisində fəaliyyətindəki yenilikləri təqdim edir
Bakı, 11 may, Elvin Camalov, AZƏRTAC
Bakı Limanı “TransCaspian 2016” sərgisində fəaliyyətindəki yenilikləri təqdim edir.
AZƏRTAC xəbər verir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC mayın 11-13-də Bakı Ekspo Mərkəzində keçirilən XV Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisində öz stendi ilə təmsil olunub. Sərgidə liman gördüyü işlər, əldə etdiyi yeniliklər və tətbiq etdiyi innovasiyalar barədə ziyarətçiləri məlumatlandırır. Limanın fəaliyyətini əks etdirən videoçarxlar, liman əməliyyatlarının optimallaşdırılması üçün təqdim edilən yeniliklər, yaradılacaq Azad Ticarət Zonasının fəaliyyəti, o cümlədən bu zonada regionda ilk dəfə tətbiq ediləcək innovasiyalar, habelə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələri ziyarətçilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən Yeni Bakı Limanı (Ələt terminalı) ətrafında Azad Ticarət Zonasının yaradılması ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ən qabaqcıl layihələrdən biri olacaq. Bu zonanın yaranması ilə Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və sair kimi işlərin həyata keçirilməsi planlaşdırılır.
“Bakı Limanının hədəfi böyük Avrasiya məkanında ticarət və logistika mərkəzinə çevrilməkdir. Bu baxımdan, belə sərgilərdə iştirak ən son nəqliyyat texnologiyalarının nümayişi, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından əlverişli imkandır. Bakı Limanı mütəmadi olaraq ölkədə və xaricdə keçirilən sərgilərdə aktiv iştirak edir, potensial yerli və xarici investorlarla danışıqlar aparır və bu tendensiyanı gələcəkdə də davam etdirəcək”,- deyə Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib.