İQTİSADİYYAT
Bakı Limanı layihəsi tam icra olunduqdan sonra ildə 1 milyon konteyner daşına bilər
Bakı, 8 iyun, Elvin Camalov, Samirə Quliyeva, AZƏRTAC
Bakı Limanı layihəsi tam icra olunduqdan sonra ildə 25 milyon ton quru yük və 1 milyon konteyner daşına bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin müdiri Tahir Məmmədov iyunun 8-də Azərbaycan-Avropa İttifaqı biznes-forumu çərçivəsində keçirilən “Nəqliyyat və Logistika” adlı paneldə deyib.
O bildirib ki, Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin icrasının 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Bakı Limanının birinci mərhələsinin yekununda daşıma potensialı bir ildə 10 milyon tona qədər yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə limanın imkanları 25 milyon ton quru yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək səviyyəyə çatdırılacaq.