ELM VƏ TƏHSİL
“Bakı Marafonu 2017”nin Azərbaycan Texniki Universitetində təqdimatı keçirilib
Bakı, 28 mart, AZƏRTAC
“Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları martın 28-də Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali məktəbin prorektoru İsa Xəlilov son illər ölkədə idmana göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, AzTU-da gəncliyin yaranması və qorunub saxlanılması məsələsi daim prioritet olub.
“Bakı Marafonu 2017”dən danışan prorektor ötən il tələbələrin əldə etdikləri nailiyyətləri də yadda salıb. Bildirilib ki, “Bakı Marafonu 2016”da AzTU-nun maşınqayırma fakültəsinin tələbəsi Əsgər Bəylərov finiş xəttini keçənlər arasında yeddinci yeri tutaraq ilk onluğa düşüb və bu il tələbələrdən daha yaxşı nəticələr gözlənilir.
Daha sonra “Bakı Marafonu”nun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.
Qaliblər üçün nəzərdə tutulan mükafatlar nəzərə çatdırılıb, həmçinin qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barədə tələbələrə məsləhətlər verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10-da başlanacaq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçirilən marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.