ELM VƏ TƏHSİL


“Bakı Marafonu-2017”nin iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıblar

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Təhsil Nazirliyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş “Bakı Marafonu-2017”də iştirak edən tələbə-könüllülərlə görüş olub.

AZƏRTAC xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə tələbə-könüllülərin xüsusi rolu olduğunu deyib və onlara göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib. “BİR” Tələbə-Könüllü Proqramının “Bakı Marafonu-2017”nin keçirilməsinə göstərdiyi dəstəyi diqqətə çatdıran nazir müavini bildirib ki, marafonda bu proqramın 400-dək tələbə-könüllüsü iştirak edib. Dövlət Bayrağı Meydanından başlanan və Bakı Olimpiya Stadionunda başa çatan “Bakı Marafonu”nun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıblar.

Nazirliyin “BİR” Tələbə-Könüllü Proqramı haqqında məlumat verən F.Qurbanov bildirib ki, bu proqram ölkəmizin yeddi şəhərindəki 36 ali və orta ixtisas təhsili müəssisəsini əhatə edir. Könüllülər Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran və Mingəçevirdə təşkil olunan 150-dək müxtəlif səviyyəli tədbiri müşayiət edib, bir sıra aksiyalar keçiriblər. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.

Sonra “BİR” Tələbə-Könüllü proqramına təşəkkür plaketi təqdim olunub.

Qeyd edilib ki, “Bakı Marafonu – 2017”nin icraçıları və tərəfdaşları ilə 11 ali təhsil müəssisəsində təqdimatlar keçirilib. May-aprel aylarını əhatə edən tədqimatlarda üç minədək müəllim və tələbəyə “Bakı Marafonu-2017” yarışı, marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.

“BİR” Tələbə-Könüllü Proqramının əhatə etdiyi 30 ali və orta ixtisas təhsili müəssisəsində tələbələrin məlumatlandırılması üçün "Bakı Marafonu-2017“ posteri yerləşdirilib və marafonda iştirak etmək istəyən tələbələr üçün “BİR” könüllü-əlaqələndiriciləri vasitəsilə birbaşa çıxış imkanı yaradılıb. Eyni zamanda, "Bakı Marafonu-2017"yə hazırlıq məqsədilə keçirilən əyləncə və məşq günü tədbirində “BİR” tələbə-könüllülər də iştirak edib.

Tədbirdə tələbə-könüllülər “Bakı Marafonu” üçün qeydiyyat, tədbir iştirakçılarının qarşılanması, məlumat verilməsi və digər işlərdə könüllü qismində fəaliyyət göstəriblər.

“BİR” Tələbə-Könüllü Proqramının sosial şəbəkələrdəki səhifələrindən "Bakı Marafonu-2017" barədə paylaşılan məlumat, canlı yayım, şəkil və videolar 60 mindən çox insana çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.