İQTİSADİYYAT
“Bakı Metropoliteni” QSC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da “Bakı Metropoliteni” QSC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, metropolitençilər əvvəlcə Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər. Ümummilli liderin məzarının üzərinə əklil və gül dəstələri qoyan metropolitençilər daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Tədbir daha sonra “Bakı Metropoliteni” QSC-nin inzibatı binasında davam edib.
QSC-nin sədri Zaur Hüseynov ulu öndərin həyatından bəhs edib. Daha sonra ümummilli lider haqqında çəkilmiş film nümayiş olunub.
Tədbirdə QSC sədrinin müavini Hidayət Məmmədov çıxış edərək istər Azərbaycan, istərsə də SSRİ rəhbərliyində olarkən ulu öndər Heydər Əliyevin Bakı Metropoliteninə olan daimi diqqət və qayğısından danışıb: “Heydər Əliyevin respublikanın rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya "Ulduz" stansiyası olub. 1970-ci il aprelin 17-də stansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi. Sonra ulu öndər metronun 7-ci stansiyasının qırmızı lentini kəsdi”.
Qeyd olunub ki, ulu öndərin qayğı və diqqəti sayəsində Bakı metropoliteni stansiyalarının sayı artmaqda davam edib. Ulun öndərin Moskvada işlədiyi illərdə Bakının yeraltı yollarının inkişafına göstərdiyi qayğı öz əksini 1985-ci ildə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", 1989-cu ildə "Xalqlar dostluğu" və "Əhmədli", 1993-cü ildə "Cəfər Cabbarlı" stansiyalarının istismara verilməsində tapdı. 2002-ci ildə "Həzi Aslanov" stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı metropoliteni xətlərinin uzunluğu 31,5 kilometrə çatdı ki, bunun da 22,3 kilometri ulu öndərin rəhbərliyi, diqqət və qayğısı sayəsində tikilmişdi.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin aparıcı mühəndisi Vüsal Əliyev çıxışlarında Heydər Əliyevin siyasi yolu, Azərbaycan üçün gördüyü işlər haqqında danışıblar.
Sonra tədbirdə iştirak edən yazıçı-publisist, ümummilli liderin həyatından bəhs edən “Heydər Əliyev, Şəxsiyyət və zaman” çoxcildli roman-tədqiqatın müəllifi, millət vəkili Elmira Axundova ulu öndərlə bağlı xatirələrini bölüşüb.