İQTİSADİYYAT


“Bakı Metropoliteni” QSC xəttə ilk yubiley qatarını buraxıb

Bakı, 5 iyun, Elvin Camalov, AZƏRTAC

Bakı Metropoliteni xəttə ilk yubiley qatarını buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, yarım əsrlik yubileyini qeyd edən Bakı metropolitenində bu əlamətdar hadisə ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirilən növbəti layihə son illərin ən əhəmiyyətli yeniliklərindən birinə həsr olunub. Belə ki, metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.

N.Paşayevin sözlərinə görə, ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinəsinin ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub, giriş qapıları arasında pəncərəaltı orta zolaqda isə “Yarım əsr xidmətinizdə” devizi yer alıb.

“Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.

Yeniliklər təkcə bununla bitmir. Qatarın ön hissələrinin fərqli dizaynı da diqqət çəkir. Ön hissələri dəyişdirilən əvvəlki qatarlardan fərqli olaraq, bu qatarın işıqlanması müasir işıqdiodlu sistemlə təchiz olunub. Buna görə də forması fərqli olan yeni projektorların daha güclü və gur işıqlanması var. Maşinist kabinəsinin ön hissəsinin daha bir yeniliyi də müasir dövrün tələbləri ilə səsləşir. Artıq marşrut monitoru tam elektron sistemlə işləyir. Burada istiqamət göstəricisi qaçan sətirlə verilir, marşrutun say göstəricisi də elektron tabloda əks olunub. Bu isə qatarların marşrutunun avtomatik dəyişdirilməsinə xidmət göstərir”, - deyə N.Paşayev vurğulayıb.

Metropoliten rəsmisi qeyd edib ki, qatarda yeniləşmə bununla bitmir. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qatarların yerli şəraitdə orta və əsaslı təmirinin təşkili ilə bağlı araşdırma apararaq bunun daha səmərəli olacağını müəyyən edib. İlk növbədə, əsaslı təmir üçün Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialına göndərilən qatarların yerli şəraitdə təmiri külli miqdarda vəsaitə qənaət deməkdir. Qatarın yerli şəraitdə təmiri həm də perspektiv baxımından metropolitenə yeni üfüqlər açır. Bununla yeni iş yerlərinin açılması, yeni tipli peşəkar kadrların yetişdirilməsinə nail olunur. Hələlik qatarların yerli şəraitdə təmiri “Nərimanov” elektrik deposunda bu məqsədlə ayrılmış xüsusi sahədə yerinə yetirilir.

N.Paşayev bildirib ki, mövcud təlimat tələblərinə görə, 3 saylı cari təmirə dayandırılmış qatarlarda texniki tələblərə uyğun müvafiq yeniliklərlə yanaşı, qatarın elektrik sisteminin, vaqonların sərnişin salonunun plastikasının və oturacaqlarının tamamilə yenilənməsi, vaqonların korroziyadan tam təmizlənərək rənglənməsi, eləcə də müəyyən mümkün modernləşdirmə işləri aparılır. Lakin yaxın vaxtlarda qatarların əsaslı təmiri sahəsinin inşası başa çatdırılaraq, burada daha mürəkkəb işlərin, ən əsası, qatarların modernləşdirilməsinin həyata keçirilməsi mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.