CƏMİYYƏT
Bakı Metropoliteninin Təhsil Nazirliyi ilə birgə layihəsi başa çatıb
Bakı, 20 sentyabr, Elvin Camalov, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihə uğurla başa çatıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, metropolitenin inzibati binasının akt zalında ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupunun üzvlərinə metropolitendə təcrübə keçmələrinə dair sertifikatların təqdim olunma mərasimi keçirilib.
Təcrübə proqramından Azərbaycanın ali təhsil ocaqlarının daha çox 3-cü və 4-cü kurs tələbələri yararlanıb. Onlar Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat İnstitutu, Azərbaycan Texniki Universitetin tələbələridir. Layihə çərçivəsində gənclər “Bakı Metropoliteni” QSC-nin maliyyə, istismar və tikinti departamentlərinin bir sıra müvafiq şöbələrində 1 ay müddətində istehsalat təcrübəsi keçiblər.
Tələbələr təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq mərasimdə təqdimatla çıxış edib və metropoliten rəhbərliyinə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda tələbələrə metropolitendə təcrübə keçmələrinə dair sertifikatlar təqdim olunub.