İQTİSADİYYAT
Bakı Metropoliteninin yenilənmiş vaqonlarında I Avropa Oyunlarının emblemi əks etdirilib
Bakı, 2 mart, AZƏRTAC
Bakı Metropoliteninin yenilənmiş vaqonlarında I Avropa Oyunlarının emblemi əks etdirilib.
Bunu AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Nəsimi Paşayev bildirib ki, “Bakı Metropoliteni” QSC-nin əməkdaşlıq etdiyi Moskva elektrik qatarlarının təmiri zavodunun Tbilisi filialına bu günlərdə təmir üçün göndərdiyi daha bir qatar iki ay ərzində yenilənərək, “Nərimanov” elektrik deposuna gətirilib. “Qatar son sazlama, yoxlama və sınaq işlərindən sonra tam müasirləşmiş görkəmi ilə xəttə çıxarılıb. Dekabr ayında gətirilmiş qatarlar isə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun təklifinə əsasən, açıq çalarlı boyalarla rənglənib. Açıq boz, süd rənginə uyğun hər vaqonun üzərində metropolitenin yeni loqotipi maraqlı dizaynda həkk olunub. Ən əsası, bu vaqonlar ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının emblemini də əks etdirməklə bu böyük idman, eyni zamanda, ictimai-mədəni hadisəyə metropolitenin verdiyi dəstəyi, yarışların önəmini bir daha vurğulayır və təbliğatın bir parçasına çevrilir”, - deyə o əlavə edib.
Metropoliten təmsilçisi əlavə edib ki, sərnişinlər qatarlarda bir sıra yeniliklərin şahidi olacaqlar. Belə ki, yeniliklər sırasında sərnişin salonunda odadavamlı materiallarla təchiz edilmiş döşəmə və tavanın müasirləşməsini, paslanmayan dəmirlə əvəzlənmiş tutacaqların daha gözəyatımlı olmasını, antivandal, lakin yumşaq materialdan hazırlanmış oturacaqların rahatlığını qeyd etmək olar. Eyni zamanda qatarların nəfəslikləri də yeni formada olmaqla, ondan istifadə olunması xeyli asanlaşdırılıb. Tavandakı havalandırma sistemi bütünlüklə yenilənərək, səthi xüsusi şəbəkə ilə örtülüb ki, bu da salonun estetik görkəminə yenilik gətirib. Salonun görünüşünə əsas təsir göstərən faktor isə işıq diodlu lampaların lüminisent analoqlarını əvəzləməsidir. Baş vaqonun xarici görkəmi də əvvəlkindən tamamilə fərqlənir.
Nəsimi Paşayev diqqətə çatdırıb ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, baş vaqonları (8857-8858 nömrəli) 1988-ci, aralıq vaqonları isə (0555-0556-0557 nömrəli) 1989-cu ilin istehsalı olan qatar da Tbilisi Elektrik Qatarlarının Təmiri Zavodunda əsaslı təmir edilərək modernləşdiriləcək. Hazırda “Nərimanov” elektrik deposunda qatarın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.