CƏMİYYƏT


Bakı Metrosunda işə qəbulla bağlı ödənişsiz kurslar yekunlaşıb

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Metropolitendə qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunan ödənişsiz kurslar artıq yekunlaşıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, metropolitenin təlim-tədris mərkəzində təşkil olunan 1 aylıq ödənişsiz kurslara avqustun 16-dan start verilib. 1158 müraciətdən ilkin müsahibəyə 229 nəfər dəvət olunub, müsahibədə iştirak edən 109 nəfər arasından isə seçim edilərək 47 nəfər kurslara cəlb olunub.

Kursun nəticəsi sentyabrın 21-i yekun imtahandan sonra bəlli olub. Belə ki, 4 nəfərin iştirak etmədiyi imtahanda 40 nəfərin imtahan nəticələri məqbul, 3 nəfərin nəticələri isə qeyri-məqbul qeydə alınıb. İmtahanda yüksək nəticə toplayan 17 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanacaq və onlar oktyabrın 1-dən hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin olunacaqlar. İmtahan nəticələri məqbul olan 23 nəfərə gəlincə, göstərdikləri nəticələr üzrə mərhələli şəkildə metropolitendə işlə təmin olunacaqlar.

Məlumat üçün bildirək ki, hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün elan olunan müsabiqədə seçimlər metropolitenin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə anket forması ilə müraciət edənlər arasından aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.