CƏMİYYƏT


Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək uşaq bağçası istifadəyə verilib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də Nərimanov rayonundakı Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək “Modern Baby” uşaq bağçası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, təhsil kompleksinin nümayəndələri, valideynlər və rəsmi qonaqlar iştirak ediblər.

Bakı Modern Təhsil Kompleksinin direktoru Mina Əliyeva məlumat verib ki, bağçada 3 yaşdan 6 yaşadək 150 uşaq 10 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün də geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizdə təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. O, uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və istedadlı kadr potensialının formalaşmasına xidmət edərək daim diqqət mərkəzində olduğunu vurğulayıb. A.Fərzəliyev son illərdə istər regionlarımızın, istərsə də paytaxtımızın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.

Mərasimdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov dövlət səviyyəsində təhsil sisteminə göstərilən qayğıdan danışıblar.

Məlumat verilib ki, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan Bakı Modern Təhsil Kompleksində Azərbaycan, rus və ingilis dillərində həyata keçirilən tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə tədris prosesini təşkil edir.

Qeyd edək ki, bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Bağçada müasir standartlara uyğun müxtəlif sinif otaqları, kino, akt, idman və gimnastika zalları, hovuz və yeməkxana mövcuddur. Həmçinin, uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb. Burada uşaqların mənalı istirahəti üçün hər cür şərait mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.