REGİONLAR
Bakı Mühəndislik Universiteti Rumıniyanın ali təhsil müəssisəsi ilə ikili proqramlar reallaşdıracaq
Xırdalan, 25 may, AZƏRTAC
Azərbaycan-Rumıniya Universitetlərarası Forumunda iştirak edən nümayəndə heyəti mayın 25-də Bakı Mühəndislik Universitetində olub. Universitetin rektoru, professor Havar Məmmədov Rumıniya təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ilə görüşüb.
Bakı Mühəndislik Universitetindən AZƏRTAC–a bildirilib ki, qonaqlara ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışılıb, ali məktəb haqqında ətraflı məlumat verilib. Bildirilib ki, universitet iri şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradıb, BP başda olmaqla, bir neçə şirkət ali təhsil ocağında müasir laboratoriyalar qurub.
Maddi-texniki baza və akademik heyətlə tanış olan rumıniyalı qonaqlar universitetin potensialını yüksək qiymətləndiriblər. Onlar müasir avadanlıqlarla təchiz olunmuş mexanika və kimya laboratoriyalarında aparılan təcrübə prosesinə baxıblar.
Sonra Bakı Mühəndislik Universiteti ilə Rumıniyanın Ştefan cel Mare Suceava Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə-müəllim mübadiləsi reallaşdırılacaq, digər əməkdaşlıq əlaqələri yaradılacaq.