QAN YADDAŞI
Bakı Mühəndislik Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib
Xırdalan, 30 mart, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasim Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.
BMU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, anım mərasimində universitetin rektoru, professor Havar Məmmədov xalqımızın tarixən yaşadığı faciələrdən danışıb. O, 1918-ci ilin mart hadisələrində bolşevik-erməni silahlı dəstələrinin Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törətdiyini, mindən çox kəndin yandırıldığını və viran edildiyini bildirib. Qeyd edilib ki, sovet dövründə bu tarix xalqımızdan gizli saxlanılıb. Məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Milli Məclisin deputatı Fəzail İbrahimli qeyd edib ki, mart soyqırımı erməni daşnaklarının azərbaycanlılara qarşı bəslədiyi nifrətinin, düşmənçiliyinin sübutudur. Bu düşmənçilik 1905-1907-ci illərdə başlayıb, 1992-ci ildə Xocalı soyqırımı ilə davam etdirilib. Bildirilib ki, 1918-ci ilin mart ayının son iki günündə təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib.
Anım mərasimi digər çıxışlarla davam etdirilib.